AVCİYA: Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) seçki qərargahının dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin müşahidəsinə dair ilkin rəyini açıqlayıb. APA-nın xəbərinə görə, bununla bağlı keçirdiyi mətbuat konfransında qərargahın sədri Məhərrəm Zülfüqarlı bildirib ki, seçki günü 5 dəfə məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, seçici fəallığının vəziyyəti və s. barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilib. Yekun hesabat isə 8 yanvar 2015-ci il tarixinə kimi ictimaiyyətə təqdim ediləcək.
M. Zülfüqarlı bildirib ki, AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış 400 məntəqədə seçici fəallığı 39,7 % təşkil edib: “Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınıb. Məsələn, ailə başçısının ailə üzvlərinin əvəzinə səs vermək cəhdi, müşahidəçilər üçün yerlərin əlverişli seçilməməsi, səsvermənin nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması və s. Bu faktlar barədə seçki administrasiyası nümayəndələrinə dərhal məlumat verilib və operativ müdaxilə nəticəsində qeyd olunan nöqsanlar aradan qaldırılıb”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir: “Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib”.