AİB Azərbaycanda 2018-ci ilədək fəaliyyətin yeni biznes planını hazırlayıb

Asiya İnkişaf Bankı (AİB) 2015-2017-ci illər üçün Azərbaycanda əməliyyatlar üzrə biznes plan hazırlayıb. Bunu bazar ertəsi jurnalistlərə bankın Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyono deyib.

Onun sözlərinə əsasən, hökumət layihənin biznes planını nəzərdən keçirir: “Hökumətin cavabını gələn ilin yanvarında gözləyirik”.

O.Noroyono əlavə edib ki, hazırda 2014-2016-cı illəri əhatə edən biznes plan reallaşdırılır və bu iki sənəd arasında ciddi fərq yoxdur: “Bankın Azərbaycanda əsas məqsədi şaxələndirilmiş iqtisadiyyata keçməyə kömək etməkdir”.

Bankın cari il ölkədə fəaliyyətinə gəlincə, O.Noroyono vurğulayıb ki, bu il o, əsasən nəqliyyat və energetika sektorlarının inkişafına, su təchizatı sahəsinə, şəhərlərin kanalizasiya sistemlərinin yenidən qurulmasına yönəldilib: “Bu il AİB yol layihələri üçün 295 milyon dollar məbləğində iki krediti təsdiq edib. Ümumilikdə cari il ölkə hökuməti tərəfindən 231 milyon dollar dəyərində müqavilələr imzalanıb ki, bu da bankın gözləntilərini 20 faiz üstələyir”.

trend.az