Mətbuat Şurası YUNESKO ilə birgə seminar keçirəcək

Dekabrın 17-də Bakıda Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun Moskva Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində seminar keçiriləcək. Mətbuat Şurasından verilən məlumata görə, üçgünlük tədbir dekabrın 17-də saat 10.00-da İctimai Televiziya və Radio Yayımları Şirkətində açılış mərasimi ilə başlayacaq. Seminar dekabrın 19-da yekunlaşacaq.

Seminarın keçirilməsində məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılması, bu sahədə ixtisaslı jurnalist kadrlarının hazırlanmasına dəstək vermək, mövcud bəzi neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdir. Seminarda Bakıda və regionlarda fəaliyyət göstərən teleradio kanallarının əməkdaşları iştirak edəcək. Onlar tanınmış alim və mütəxəssislərin mövzu ilə bağlı fikir və təkliflərini dinləyəcək.

www.anspress.com