Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi illik iclasını keçirib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin idarə heyətinin dekabrın 11-də illik iclası keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və iştirakı ilə keçirilən toplantıda bu ölkədəki diasporumuzun təşkilatlanması məsələləri müzakirə olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, iclasda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, səfirliyin I katibi Fikrət Axundov, Almaniya Bundestaqın keçmiş üzvü Hakki Kəskin, AKKM idarə heyətinin üzvləri-AAK-in prezidenti Başar Kömür, AAK-in fəxri prezidenti Bahəttin Kaya, qurumun icraçı direktoru xanım Samirə Patzer-İsmayılova, Frankfurt Azərbaycan Cəmiyyətinin sədri Kəmalə İskəndərova, Azərbaycan Federasiyasının sədri Nüsrət Delbaste, Berlin-Bakı Qalereyasının rəhbəri İbrahim Ehrari iştirak edib.

Toplantıda ilk çıxş edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov AAKM-in fəaliyyətini yüksək qiymətləndirib, qurumun qarşısına qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini vurğulayıb. Sonra AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova AAKM-nin 2 illik fəaliyyət haqqında hesabatla çıxış edib. Hesabatı müzakirə edən idarə heyətinin üzvləri müxtəlif təkliflər irəli sürüb, sənədi müsbət qiymətləndirərək qəbul edib.

Sonra gündəlikdəki digər məsələyə-AAKM-nin idarə heyətinin buraxılıb yenidən formalaşdırlması müzakirə olunub. İdarə heyətinin təzə tərkibi səsvermə yolu ilə yenidən seçilib və buraya 3 yeni üzv əlavə olunub: Almaniya Bundestaqının keçmiş üzvü Hakki Kəskin, Azərbaycan Kültür Cəmiyyətinin üzvü, alman dili üzrə mütəxəssis Naiba Hantel, Alman-Azərbaycan Forumunun üzvü, hüqüqşünas Pərviz Yazdani.

www.anspress.com